Xocalı faciəsi qurbanlarının xatirəsi Səudiyyə Ərəbistanında da anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi anma mərasimi keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə səfir Tofiq Abdullayev ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətindən, Xocalıda günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından zorla didərgin salınmasından danışmışdır.
Səfir xalqımıza qarşı cinayətlərin erməni millətçiləri və onların himayədarları tərəfindən planlı şəkildə törədildiyini, bu faciəyə dünya birliyi tərəfindən hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğulamışdır.
Diplomatik nümayəndəliyimizin birinci katibi T.Qafarova faciə ilə bağlı Azərbaycanda və dünyanın bir çox ölkələrində İslam Konfransı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilmiş tədbirlər barədə danışmışdır. O, kampaniyanın internet saytının fəaliyyəti ilə mərasim iştirakçılarını tanış etmişdir.
Mərasim iştirakçıları faciəni əks etdirən kitab, disk və fotolardan ibarət guşə, “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi, “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycanda və bir çox ölkələrdə İKGF tərəfindən keçirilmiş tədbirlərin fotoları ilə tanış olmuşlar.
Bundan əlavə, iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımı ilə bağlı disk, kitab və məlumatlar, “Xocalıya ədalət” kampaniyasına dair materiallar paylanmışdır.
Mərasimdə “Xocalıya ədalət” rep üslubunda yazılmış mahnının klipi və ərəb dilində hazırlanmış “Məhv edilmiş şəhər” filmi nümayiş etdirilmişdir.
######
