Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Qarsda tədbir keçirilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar qardaş Türkiyədə keçirilən silsilə tədbirlər çərçivəsində Qarsda Milliyyətçi Hərəkat Partiyası (MHP) vilayət təşkilatı tərəfindən anma mərasimi keçirilmişdir.
Azərbaycanın Qarsdakı baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, mərasimdən xeyli əvvəl şəhərin müxtəlif yerlərində Xocalı faciəsinin dəhşətlərini, eləcə də tədbirlə bağlı faktları əks etdirən xüsusi məlumat lövhələri yerləşdirilmişdir.
Azərbaycanın, Türkiyənin, MHP-nin, digər türkdilli dövlətlərin bayraqlarının və Xocalı soyqırımına dair plakatların asıldığı Xalq Təhsil Mərkəzində keçirilən tədbirə ictimaiyyətin nümayəndələri, bu şəhərdə yaşayan vətəndaşlarımız, Qars Universitetinin tələbə və müəllimləri iştirak etmişlər.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilmiş, qardaş ölkələrimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri açan MHP-nin mərkəzi idarə heyətinin üzvü Məhərrəm Yıldız Xocalı qətliamını tarixin ən böyük faciələrindən biri adlandırmışdır.
MHP-nin Qars vilayəti təşkilatının sədri Yavər Özcan Azərbaycanı çox sevdiklərini, partiya yoldaşlarının hər zaman qardaş xalqımızla bir yerdə olacaqlarını bildirmişdir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Xocalı soyqırımının tarixindən, Ermənistanın Azərbaycan torpaqlarının işğalının ağır nəticələrindən və dövlətimizin bu problemin həlli istiqamətində apardığı siyasətdən danışmışdır.
Türkiyə Böyük Millət Məclisinin MHP-dən seçilmiş deputatları Sinan Oğan, Yusuf Halaçoğlu Xocalı soyqırımının bütün türkdilli xalqlara, eləcə də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulamışlar. Natiqlər tarixən erməni millətçilərinin türk xalqlarına qarşı törətdikləri qətliamlardan danışmışlar.
Mərasimdə Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov və konsulluğun əməkdaşları iştirak etmişlər.