“Xocalı soyqırımı - XX əsrin faciəsi” adlı konfrans təşkil olunub
Sumqayıt, 23 fevral, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) işçiləri ilə Mərkəzi Uşaq Kitabxanasında Xocalı faciəsinin 30 illiyinə həsr olunan “Xocalı soyqırımı - XX əsrin faciəsi” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri MKS-nin direktoru Yeganə Əhmədova açaraq, Xocalı dəhşətlərindən danışıb. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub. İndiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
Konfransda “Xocalı soyqırımı Beynəlxalq cinayət kimi”, “Xocalı faciəsinə gedən yol”, “Xocalıya ədalət”, “Xocalı şəhidləri”, “Çingiz Mustafayev Xocalı faciəsi haqqında”, “Xocalı faciəsi musiqidə” mövzularında çıxışlar edilib. Çıxışlarda “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərdən, Çingiz Mustafayevin çəkdiyi videogörüntülərdən, faciə ilə bağlı yazılmış musiqilərdən danışılıb.
Sonda Xocalı faciəsi “Uşaqların gözü ilə” rəsm əsərləri haqqında məlumat verilib.