Xocalı soyqırımına dünya birliyi tərəfindən lazımi siyasi-hüquqi qiymət verilməlidir
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Türkmənistanda yaşayan həmvətənlərimiz, ziyalılar və iş adamları iştirak etmişlər.
Əvvəlcə Xocalıda qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən səfir Vəhdət Sultanzadə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş soyqırımı haqqında danışmışdır. Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulduğu, 1275 mülki şəxsin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə indiyədək naməlum qaldığı vurğulanmışdır.
Tədbirdə Xocalı soyqırımına indiyədək dünya birliyi tərəfindən lazımi hüquqi qiymətin verilmədiyi təəssüflə bildirilmişdir. Həmçinin Qafqaz Müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadə və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova tərəfindən faciə ilə bağlı dünya birliyinə ünvanlanmış müraciətlər qeyd edilmişdir.
Tədbirdə Xocalı sakinlərinin qatillərinin indiyədək cinayət məsuliyyətinə cəlb olunmadığı təəssüflə qeyd edilmişdir. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində erməni yalanlarının davamlı ifşa olunduğu bildirilmişdir.
Sonra iştirakçılar Xocalı soyqırımı haqqında sənədli filmə baxmışlar.
Səfirliyin zalında faciəni əks etdirən materiallardan ibarət xüsusi guşə yaradılmışdır. Tədbir iştirakçılarına səfirliyin Xocalı soyqırımı ilə bağlı hazırladığı fotoalbom, həmçinin Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış, xalqımızın üzləşdiyi faciələrdən bəhs edən kitablar və digər materiallar paylanmışdır.