Xocalı soyqırımının ildönümü ilə əlaqədar Stokholmda anım mərasimi təşkil edilib VİDEO
Stokholm, 26 fevral, Nərgiz Cəfərli, АZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar İsveç Krallığının paytaxtı Stokholm şəhərində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Otuza yaxın diaspor nümayəndəsinin qatıldığı tədbirdə çıxış edən əslən Cənubi Azərbaycandan olan Əsəd Sadiq bildirib ki, 20 Yanvar və Xocalı faciələri barədə məlumatı 1990-cı illərdə radiodan eşidib. Onun sözlərinə görə, müxtəlif şəhərlərdən yüzlərlə azərbaycanlı SSRİ səfirliyinin qarşısına toplaşaraq “Azərbaycan” adlı etiraz aksiyaları keçirib.
İsveçdə yaşayan yazıçı Eluca Atalı isə tarix boyu ermənilərin azərbaycanlılara qarşı törətdiyi amansızlıq və qəddarlıqdan bəhs edib.
Sonra Azərbaycanda yaşayan, Xocalı faciəsində ailə üzvlərinin üçünü itirən və möcüzə nəticəsində sağ qalan Kübra Mahmudova ilə videobağlantı vasitəsilə əlaqə yaradılıb. “Mən 1992-ci ildə balaca uşaq idim və fevralın 26-da erməni vəhşiliyi nəticəsində anamı, atamı və bacımı itirdim. Ağdamın axundu məni xilas edən zabitə dedi ki, sənin gətirdiyin uşaqlardan biri məsciddə yuyulanda ayılıb”, - deyə K.Mahmudova acı xatirələrini bölüşüb.
SAF İsveç-Azərbaycan Assosiasiyasının sədri Sevda Dadaşova Xocalı soyqırımının ildönümündə həmrəylik nümayiş etdirməyin və faciənin gələcək nəsillər üçün təbliğinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan diasporunun əsas məqsədlərindən biri İsveç hökumətinin Xocalı soyqırımını tanımasını təmin etməkdir.
Sonda tədbir iştirakçılarına Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.