Xocalı soyqırımının Latviyada tanıdılması istiqamətində mühüm tədbirlər görülür
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycanın Latviyadakı səfirliyi bu ölkənin ictimaiyyətinin Xocalı soyqırımı haqqında məlumatlandırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı hazırlanmış məlumat vərəqələri Latviyanın Xarici İşlər Nazirliyinə, digər dövlət qurumlarına, ictimai birliklərə, KİV-lərə və bu ölkədəki diplomatik korpusa göndərilmişdir.
Səfirliyin dəstəyi, “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin və “Azəri” Cəmiyyətlərinin iştirakı ilə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
Tədbirdə səfirliyin əməkdaşları, diasporun nümayəndələri, Latviya Seyminin üzvü, parlamentin Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Aleksandr Sakovski, Avropa Parlamentinin Latviyadan olan üzvü, eyni zamanda, Avropa Parlamentindəki Azərbaycan dostluq qrupunun üzvü olan A.Mirski, Milli Məclisin deputatları Fuad Muradov, Sahibə Qafarova, Diasporla iş üzrə Dövlət Komitəsinin idarə rəisi İlham Məmmədov, yerli KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı barədə elektron təqdimat vasitəsilə məlumat verilmiş, film və azərbaycanlı gənclər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Latviyadakı Azərbaycan diasporunun nümayəndələri tərəfindən Fransanın bu ölkədəki səfiri xanım Ş.Puareyə müraciət qəbul edilmiş və imza toplanmışdır. Müraciətdə Xocalı soyqırımı barədə ətraflı məlumat verilmiş, Latviyada yaşayan azərbaycanlıların qəti mövqeyi nümayiş etdirilmiş, həmçinin onun Fransanın müvafiq dövlət və hökumət strukturlarına göndərilməsi xahiş olunmuşdur.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Latviyada təbliğinin davam etdirilməsi məqsədilə www.justiceforkhojaly.org saytı üçün səfirlik tərəfindən 2010-cu ildə bu ölkənin milli domeni alınmış və müvafiq qeydiyyatdan keçirilmişdir. Artıq iki ildir ki, fəaliyyət göstərən www.justiceforkhojaly.lv saytının domen və host müddətləri daha bir il uzadılmışdır.