Xocalıda 27 il əvvəl dinc sakinlər xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilib
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində görülmüş işlər haqqında məlumat verilib.
Rektor Səadət Əliyeva faciənin ağır nəticələrindən danışaraq, 27 il əvvəl Xocalı şəhərinin bir gecədə yerlə-yeksan edildiyini, dinc sakinlərin böyük amansızlıq və qəddarlıqla qətlə yetirildiyini bildirib. Rektor faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq miqyasda tanınması üçün aparılan ideoloji təbliğatın əhəmiyyətini qeyd edərək Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının artıq konkret nəticələr verdiyini diqqətə çatdırıb.
Yazıçı-jurnalist, Qarabağ müharibəsi veteranı, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslim qızı “Xocalı soyqırımı şahidinin gördükləri” mövzusunda çıxış edərək həmin gecə yaşadığı və şahidi olduğu hadisələri tədbir iştirakçıları ilə bölüşüb. O, Xocalı soyqırımını beynəlxalq miqyasda tanıtmaq üçün indiyədək 4 sənədli film hazırladığını bildirib, tələbələri informasiya müharibəsində fəal və mütəşəkkil olmağa səsləyib.
İctimai elmlər kafedrasının dosenti Boran Əziz bildirib ki, Xocalı soyqırımı Rusiyanın siyasi və hərbi gücü ilə erməni separatizminin və qəddarlığının birgə cinayətidir. Boran Əziz soyqırımının təkcə çatdırılmasının deyil, öyrənilməsinin də vacibliyini vurğulayıb və bu istiqamətdə hazırladığı kitablar haqqında məlumat verib.
Sonra tədbir iştirakçıları “Xocalıda məhv olmuş 8 ailə” filmini izləyiblər. Sənədli film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən lentə alınıb. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində törətdiyi soyqırımından bəhs edir.
Gün ərzində universitet tələbələri üçün akt və konfrans zallarında “Xoca” filminin nümayişi təşkil olunub.