REGİONLAR
Xocavəndlilər şəhidlərin xatirəsini yad ediblər









Beyləqan, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocavəndlilər şəhidlərin xatirəsini Beyləqan rayonu inzibati ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsindəki Şəhidlər məzarlığında anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, veteranlar, N saylı hərbi hissənin əsgər və zabitləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin məzarları önünə tər qərənfillər düzüb, ruhlarına dualar oxuyublar.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş Vətən övladlarına Allahdan rəhmət, ailə üzvlərinə isə səbir diləyib. Bildirib ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 44 gündə son qoyuldu. Azərbaycan Vətən müharibəsində nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda, yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın müzəffər Ordusunun Zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan münaqişənin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Bəxtiyar Hümbətov, polkovnik-leytenant, Xocavənd Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Hafiz Mirzəliyev, şəhid Elzamin Tağıyevin atası Eyvaz Tağıyev, şəhid Elmin Mirzəyevin atası Əvəz Mirzəyev, Vətən müharibəsi iştirakçısı Etibar Hüseynov çıxışlarında Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və əldə olunmuş Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd ediblər. 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsinin yazıldığını və rəşadətli Azərbaycan Ordusunun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində respublikanın ərazi bütövlüyünün bərpa olunduğunu, haqq-ədalətin öz yerini tapdığını qeyd ediblər.
Sonda Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları şeirlərdən ibarət ədəbi-bədi kompozisiya nümayiş olunub.