Xorvatiya parlamentinin vitse-spikeri Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Xorvatiya parlamentinin vitse-spikeri Vesna Pusiçlə görüşüb.
Görüşdə millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Xorvatiya arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmnunluq doğurduğunu deyib. Deputat Xorvatiya parlamentinin vitse-spikeri Vesna Pusiçə Azərbaycan, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş məlumat verib. Bildirilib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib, onların fundamental insan haqları bu gün də pozulmaqda davam edir. Q.Paşayeva qeyd edib ki, harada yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuza malik qadınlar Ermənistanın bu addımlarına laqeyd qalmamalı, buna qarşı etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Xorvatiyada Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliğ edilməsinə böyük ehtiyac olduğu diqqətə çatdırılıb.
Sonra Qənirə Paşayeva Xorvatiya parlamentinin vitse-spikeri Vesna Pusiçi Azərbaycanda görməkdən hər zaman məmnunluq duyacaqlarını bildirib və onu Azərbaycana səfərə dəvət edib.
Xorvatiya parlamentinin vitse-spikeri Vesna Pusiç Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiklərini və mövcud əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını bildirib.
Sonda bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.