Xroniki vərəm xəstəsi sutkada 7 milyard vərəm mikrobakteriyası xaric edir
Bakı, 14 dekabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Vərəm geniş yayılan xroniki infeksion xəstəlikdir. Əsrlər boyu vərəm xəstəliyi epidemiya vəziyyətini alıb, müxtəlif ölkələrdə geniş yayılaraq çoxsaylı insan tələfatına səbəb olub. Vərəm xəstəliyinin tarixi elmə dəqiq məlum olmasa da onun kökü daha qədim tarixə söykənir.
Bunu AZƏRTAC-ın müxbirinin suallarını cavablandıran 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi həkim-ftiziatr Afət Novruzova deyib.
Onun sözlərinə görə, 1905-ci ildə Almaniyanın Heyderberg şəhəri yaxınlığındakı arxeoloji qazıntılar zamanı tapılan daş dövrünə aid insan qalıqlarının döş fəqərələrində vərəmə xas əlamətlər aşkar edilib.
“Vərəmin mənbəyi xəstə insanlar, heyvanlar və quşlardır. Bir xroniki vərəm xəstəsi bir sutka ərzində 7 milyard vərəm mikrobakteriyası xaric edir. Belə xəstə bir dəfə öskürdükdə havaya 60 minə yaxın tüpürcək dənəciyi püskürdür. Mikrobakteriya ifraz edən xəstə, başqa sözlə desəm açıq vərəm xəstəsi il ərzində 150-200 nəfəri vərəm virusuna yoluxdura bilər. Yoluxan şəxslərdən 10-15 nəfəri isə xəstələnir. 2021-ci ilin statistikasına əsasən respublika üzərində ilkin vərəm xəstələrinin ümumi sayı 2 min 535 nəfərdir və bunlardan 191-i uşaq və yeniyetmələrin payına düşür. Yoluxmanın xəstəliyə keçməsi immunoloji statusun vəziyyəti və mikrobakteriyanın miqdarından, yoluxucu olma səviyyəsindən asılıdır”, - deyə A.Novruzova bildirib.