İDMAN
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının beşinci gününə yekun vurulub
Bakı, 25 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 25-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının beşinci gününün oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışların beşinci günündə oğlanların və qızların fərdi mübarizəsində dörddəbir, cütlüklərin yarışında isə yarımfinal qarşılaşmaları keçirilib. Bu oyunlardan sonra oğlanların və qızların fərdi mübarizəsində yarımfinalçılar, cütlüklərin yarışında isə finalçılar məlum olub.
Bakı Tennis Akademiyasının dörd kortunda keçirilən qızların dörddəbir final görüşlərində britaniyalı Matilda Mutavdziç isveçrəli Çelsi Fonteneli 2:0 (6:3, 6:1) hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Çexiyalı tennisçi Dominika Salkova Litva təmsilçisi Emiliya Tveriyonaiteni 2:0 (6:2, 6:2) hesabı ilə məğlub edərək adını yarımfinala yazdırmağı bacarıb. Rusiya tennisçisi Mariya Şoloxova yarımfinala vəsiqə uğrunda slovakiyalı Salma Druqdovaya 2:0 (6:2, 6:0), fransalı Ouşen Babel isə almaniyalı Yoelle Steura 2:1 (2:6, 6:1, 10:5) hesabı ilə qalib gəliblər.
Oğlan tennisçilərin fərdi yarışında dörddəbir final görüşlərində italiyalı Nikkolo Çiavarella rumıniyalı Andrey Voykanı 2:0 (6:4,6:1), latviyalı Vilius Qaubas italiyalı Daniele Miniçinini 2:0 (7:5, 6:4) hesabı ilə məğlub edərək adlarını yarımfinala yazdırıblar. Çexiyalı tennisçi Hinek Barton yarımfinala vəsiqə uğrunda belçikalı Noah Merreni 2:0 (6:2,6:4), ispaniyalı Daniel Merida isə Mattev Villiam Donaldı 2:1 (3:6, 6:4, 10:8) hesabı ilə məğlub ediblər.
Tennis üzrə qız cütlüklərin yarımfinal qarşılaşmasında rusiyalı Mariya Şoloxova/Yekaterina Maklakov dueti belçikalı Hanne Vandevinkel/Juliet Bovi cütlüyünə 2:0 (6:4,6:2) hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Digər görüşdə isə Belarus təmsilçisi Evialina Laskeviç/Mariya Stsetseviç cütlüyü Çexiya təmsilçisi Dominika Salkova/Linda Klimoviçova üzərində qələbə qazanıb - 2:0 (6:2, 6:0).
Beləliklə, yarışın finalında Rusiya və Belarus tennisçiləri qızıl medal uğrunda mübarizə aparacaqlar.
Tennis üzrə oğlan cütlüklərin yarımfinal qarşılaşmasında polşalı Filip Pieçzonka/Olaf Pieçkovski dueti ispaniyalı Pedro Rodenas/Daniel Merida cütlüyünü 2:1 (4:6, 6:4, 10:8) hesabı ilə məğlubiyyətə uğradıb. Digər qarşılaşmada isə çexiyalı Matthev Villiam Donald/Hinek Barton dueti belçikalı Noah Merre/Alessio Basile cütlüyünü 2:1 (3:6, 6:2, 10:5) hesabı ilə məğlub edərək finala yüksəlib.
Bununla da Polşa və Çexiya tennisçiləri qızıl medal uğurunda mübarizə aparmaq şansı qazanıblar.