YAP Bərdə rayon təşkilatının yaradılmasından 28 il ötür
Bərdə, 14 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının yaradılmasından 28 il ötür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə bir qrup partiya fəalı ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad edib. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, zəngin irsini, eləcə də rayona etdiyi səfərləri əks etdirən eksponatlara baxış keçirilib.
YAP fəalları 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin kasetli raketlərlə atəşə tutulması nəticəsində həlak olmuş partiya üzvü Aybəniz Əhmədovanın ailəsinə baş çəkiblər. YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşdü. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad edildi. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Partiya fəalları ailənin qayğıları ilə maraqlanıblar.