YAP Səbail rayon təşkilatı Müstəqillik Gününə həsr olunan tədbir keçirib
Bakı, 27 may, AZƏRTAC
Rəşid Behbudov adına Mahnı Teatrında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasına həsr olunan videoçarx nümayiş olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qeyd edib ki, 107 il əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın tarixində əbədi iz qoymuş möhtəşəm hadisədir.
“Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyətin qoyduğu fikirlər önəmli əhəmiyyət kəsb edib. Bu idealları gerçəkliyə çevirən isə müstəqil Azərbaycan dövləti olub. 1991-ci ildə xalqın iradəsi ilə yenidən bərpa edilən müstəqillik Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm təməllər və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün daha da möhkəmlənib və inkişaf edib. Azərbaycan xalqı bu şanlı günü bizə bəxş edənləri hər zaman dərin ehtiramla xatırlayır”,- deyə M.Nağıyev əlavə edib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova vurğulayıb ki, Prezident və Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini uğurla davam etdirərək Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib. Bu gün ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, üçrəngli Bayrağımız isə bütöv Azərbaycan torpaqlarında qürurla dalğalanır.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov deyib: “O dövrdə Azərbaycan ərazisində müxtəlif güclər təsir dairələrini genişləndirmək və ölkəni parçalamaq planları üzərində çalışırdılar. Məhz belə bir çətin və mürəkkəb şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunub. Bu gün Azərbaycan artıq beynəlxalq sferada öz sözünü deməyi bacaran güclü dövlətdir”.
Tədbir bədii hissə ilə davam edib.
Mahnı Teatrının İnstrumental ansamblı musiqi nömrələri səsləndirib. Teatrın solisti Rövşən Qəhrəçanovun ifası tədbirə xüsusi rəng qatıb.