YAP Şirvan şəhər təşkilatının yaradılmasının ildönümü qeyd olunub
Şirvan,19 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının 31 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, idarə və müəssisələrin rəhbərləri, ərazi partiya təşkilatı sədrləri, partiya fəalları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi və Şirvan şəhər Şəhidlər xiyabanı ziyarət olunub. YAP Şirvan şəhər təşkilatında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi sükutla yad edilib. Tədbirdə YAP Şirvan şəhər təşkilatının 31 illik fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib. Çıxış edənlər bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olduğunu sübuta yetirib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, həmçinin ictimai-siyasi həyatında həlledici rol oynayır və Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz gündən-günə daha da güclənir, inkişaf edir. Həmçinin Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən geniş bəhs edilib. Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edilib, yüksək siyasi fəallığı ilə seçilən partiya üzvləri fəxri fərmanlarla təltif olunublar.