CƏMİYYƏT
Yapon alimləri buludlarda təhlükəli mikroplastik aşkarlayıblar
Bakı, 30 sentyabr, AZƏRTAC
Buludlarda iqlimin dəyişilməsinə səbəb ola biləcək mikroplastik aşkar edilib.
Yaponiya alimləri belə hesab edirlər. Nümunələrin götürülməsi üçün onlar ölkənin ən hündür dağı olan Fuciyə qalxmalı olublar. Bundan başqa, alimlər Toteyama dağı üzərindəki buludların suyundan nümunələr toplamağa nail olublar.
“Environmental Chemical Letters” jurnalında dərc edilən tədqiqatın nəticələri bir daha sübuta yetirib ki, plastik artıq Yer kürəsindəki ekosistemlərin əksəriyyətinə nüfuz edə bilib. AZƏRTAC bu barədə “Euronews”-a istinadla xəbər verir.
Ölçüsü təxminən 5 millimetr olan plastik hissəciklər (təxminən küncüt dənəsi boyda) planetin ən ucqar nöqtələrində aşkar edilib. Məlumdur ki, insan orqanizmində də plastik var. Ona insanın qanında, ağciyərlərində və hətta hamilə qadınların ciftində rast gəlinir.
“Bildiyimizə görə, bu tədqiqat buludda - həm sərbəst troposferdə, həm də atmosferin sərhəd qatında plastikin mövcud olduğunu aşkarlayan ilk araşdırmadır. Bu isə planetimizin iqlimi üçün çox təhlükəlidir”, - deyə alimlər yazırlar.
Bulud suyundan nümunələr 1300 metrdən 3776 metrədək hündürlükdə götürülüb. Fuci dağının zirvəsi sərbəst troposferdə, Oyama dağınınkı isə onun ən alt qatında yerləşir.
Daha sonra alimlər müasir vizualizasiya metodlarının köməyi ilə nümunələrdə mikroplastikin olub-olmamasını müəyyənləşdiriblər.
Onlar polimerlərin doqquz, rezinin isə bir növünü aşkar ediblər. Belə ki, 1 litr bulud suyunda 14 hissə plastik tapılıb, onların ölçüləri 7-95 mikrometr təşkil edib və bu, insan tükünün qalınlığından bir qədər çoxdur (80 mikrometr və ya 0,08 millimetr).
Plastik hidrofob maddə hesab olunur, lakin ultrabənövşəyi şüaların təsiri altında hidrofil (rütubəti sevən) maddə xassələrinə malik olur.