Yaponiya Seuldan KXDR lideri ilə görüşün nəticələri barədə hərtərəfli məlumat gözləyir
Tokio, 6 mart, AZƏRTAC
Yaponiya hökuməti Seuldan martın 5-də Pxenyanda Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə aparılan danışıqların nəticələri barədə məlumat alacağına ümid edir. Rəsmi Tokionun qənaətinə görə, əvvəllər də baş tutmuş belə görüşlər heç bir nəticə verməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Tokioda keçirilən mətbuat konfransında çıxış edib.
Baş katib deyib: “Cənubi Koreyadan həmin görüşün nəticələri barədə ətraflı məlumat veriləcəyinə ümid edirik. Fikrimizcə, əvvəllər də Şimali Koreyanın dialoq yolu ilə nüvə silahından imtina etməməsindən müvafiq dərs almaq lazımdır”.
Y.Suqa əlavə edib ki, əsas məsələ Şimaldan öz nüvə-raket proqramından tam və birdəfəlik imtina barədə öhdəlik almaqdır. O, bunu konkret addımlarla nümayiş etdirməlidir.
Həmin gün Tokioda keçirilən digər mətbuat konfransında Yaponiyanın xarici işlər naziri Taro Kono bildirib ki, martın 5-də baş tutan görüş məhz KXDR-ə beynəlxalq təzyiqlərin nəticəsi olaraq keçirilib. Nazir deyib: “İqtisadi sanksiyalar öz təsirini göstərir. Şimali Koreya var gücü ilə təbəssüm diplomatiyasını həyata keçirməyə başlayıb”.
Xatırladaq ki, martın 5-də iki Koreya dövləti arasında yaxınlaşmaya və KXDR ilə ABŞ-ın dialoqunun təşkilinə yardım məqsədilə Pxenyana xüsusi nümayəndə heyəti gəlib. Onun tərkibinə Cənubi Koreya Prezidenti yanında Milli Təhlükəsizlik İdarəsinin rəisi və Milli Kəşfiyyat Xidmətinin direktoru da daxildirlər. Koreya Əmək Partiyasının mənzil-qərargahında onlar KXDR lideri Kim Çen In ilə təqribən dörd saat müzakirələr aparıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio