İDMAN
Yaponiyada Tokio Yay Paralimpiya Oyunlarının məşəlinin yandırılmasına start verilib
Tokio, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Yaponiyada Tokio Yay Paralimpiya Oyunlarının məşəlinin yandırılmasına start verilib.
AZƏRTAC xəbər verir ki, inklüziv cəmiyyət üçün ümidləri əks etdirən, regional xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif üsullarla əldə edilən alov Yaponiya üzrə 880 məntəqədən toplanacaq. Məsələn, Yaponiyanın mərkəzi hissəsində yerləşən Naqano prefekturasında əlil uşaqlar alovu günəş işığından əldə edəcəklər. Cənub-qərbdə yerləşən Kaqoşima prefekturasında isə bu məqsəd üçün çaxmaq daşı ilə işləyən tüfənglərdən istifadə olunacaq.
Paralimpiya Oyunlarının məşəl estafetinin avqustun 17-də başlanması və məşəlin yarışların təşkil ediləcəyi Şizuoka, Çiba, Saytama və Tokio prefekturalarında gəzdiriləcəyi planlaşdırılır. Lakin koronavirus pandemiyasına görə Çiba, Saytama və Tokioda bu məqsədlə ümumi yollardan istifadəyə icazə verilməyəcək. Bunun əvəzində məşəlin yandırılması və digər əlaqədar tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Həm bütün ölkədən toplanan, həm də Paralimpiya Oyunlarının vətəni sayılan Böyük Britaniyadan gətirilən alov avqustun 20-dək Tokioda saxlanacaq. Onun avqustun 24-də Tokio Milli Stadionuna gətiriləcəyi və buradakı böyük məşəli alovlandıracağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio