YAPONİYANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Yaponiyanın və Azərbaycanın Dövlət himnləri səslənmişdir.
Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe salona toplaşanları salamlayaraq demişdir ki, noyabr-dekabr ayları imperator ailəsi üçün əlamətdardır. Belə ki, imperator ailəsinin bir neçə üzvü bu aylarda dünyaya gəlmişlər.
Ölkələrimiz arasında diplomatik münasibətlərin yarandığı 1992-ci ildən ötən dövr ərzində əlaqələrimizin durmadan inkişaf etdiyini diqqətə çarpdıran diplomat, tərəfdaşlıq perspektivlərinin böyük olduğunu bildirmişdir. Tərəflər arasında imzalanmış sənədlərin münasibətlərimizin inkişafına imkan yaratdığını vurğulayan səfir, Azərbaycanın Yaponiyada səfirliyinin açılmasını mühüm addım kimi səciyyələndirmişdir.
Yaponiyanın ölkəmizin demokratiya, insan hüquqları, bazar iqtisadiyyatı yolunda inkişafını alqışladığını deyən səfir qeyd etmişdir ki, Azərbaycan son vaxtlar Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanmışdır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qəbulda çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin əlamətdar gün münasibətilə təbrikini, dost Yaponiya xalqına əmin-amanlıq, sülh, firavanlıq arzularını yetirmiş, ölkələrimiz arasında ənənəvi dostluğa əsaslanan siyasi, iqtisadi, mədəni əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirmişdir.
Z.Əsgərov ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərini və bu səfər çərçivəsində imzalanmış sənədlərin dövlətlərimiz arasında münasibətlərin inkişafına zəmin yaratdığını diqqətə çatdırmışdır. Yaponiya hökuməti Azərbaycanda iqtisadiyyat, sosial, təhsil, səhiyyə sahələrində həyata keçirilən layihələrə dəstək vermişdir.
Gündoğan ölkənin respublikamızda həyata keçirilən iri neft layihələrində də uğurlu iştirakını qeyd edən Z.Əsgərov, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.