ELM VƏ TƏHSİL
Yaradıcı gənclər üçün dəb texnologiyaları üzrə müsabiqə
Bakı, 17 aprel, AZƏRTAC
“WorldSkills Azerbaijan” platforması 14-25 yaşlı yaradıcı gənclər üçün dəb texnologiyaları üzrə “Fantaziyanı biç, çantaya çevir” adlı müsabiqə elan edib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin məqsədi dəb texnologiyaları ixtisasına gənclərin marağını artırmaq və sözügedən ixtisasın inkişafına töhfə verməkdən ibarətdir. İştirakçılar müsabiqə şərtlərinə əməl etməklə ekoçanta hazırlayaraq əl işlərini təhvil verməlidirlər. İki mərhələli qiymətləndirmə prosesindən ibarət müsabiqəyə qəbul olunmuş əl işləri ilkin olaraq “WorldSkills Azerbaijan” platformasının “Facebook” səhifəsində yerləşdirilərək ictimai səsverməyə çıxarılacaq, daha sonra isə peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Müsabiqənin qalibləri pul mükafatı, eləcə də müsabiqənin sponsoru olan “Sinteks” şirkəti tərəfindən hədiyyə kartları və sözügedən şirkətdə təcrübə imkanı qazanacaqlar.
Müsabiqə haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydaları ilə tanış olmaq üçün Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş keçidə daxil olmaq olar.
Qeyd edək ki, "WorldSkills Azerbaijan" peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.