YARAT-ın təşkilatçılığı ilə tədbir - “Təkamül. Opera və teatr sənətində müasir tendensiyalar”
Bakı, 16 iyun, AZƏRTAC
YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində “Təkamül. Opera və teatr sənətində müasir tendensiyalar” mövzusunda mühazirə, konsert və musiqisevərlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin ideya müəllifi, moderatoru Azərbaycan Dövlət Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru Əyyub Quliyev ilə birlikdə opera sənətində olan dinamika, eləcə də müasir tendensiyaların inkişafı analiz edilərək, yaxın gələcəkdə bu sahədə bizi nə gözlədiyi geniş müzakirə olunub.
Həmçinin Azərbaycan və dünya operasının tarixi, eləcə də inkişafından, opera sənətinin birinci, ikinci avanqard dalğasından, süni intellektin yaratdığı “Chasing Waterfalls” operasından, Andreas Neyfeld və Andrey Joldak kimi novator rejissorlar haqqında söhbət aparılıb.
Tədbir çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Opera Teatrının pianoçusu Rebekka Maqomedovanın müşayiətində Əməkdar artist Fəridə Məmmədova və Müslim Maqomayev adına VI Beynəlxalq vokalistlər müsabiqəsinin qalibi Mahir Tağızadənin ifalarında tanınmış əsərlərdən fraqmentlər səsləndirilib.
Qeyd edək ki, Əməkdar artist Əyyub Quliyev öz dövrünün tənqidçiləri tərəfindən ən çox müsbət rəy alan dirijorlardan biridir. O, klassik macar musiqisinin Azərbaycanda təbliğ olunmasındakı xidmətlərə görə Macarıstanın ən yüksək dövlət mükafatı olan "Qızıl xaç" ordeni ilə təltif edilib. Əyyub Quliyev həmçinin pedaqoji fəaliyyət də göstərir. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Dirijorluq” kafedrasının dosentidir.