REGİONLAR
Yardımlıda şəhidlərin xatirəsi anılıb




Yardımlı, 27 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü hər yerdə olduğu kimi, Yardımlı rayonunda da qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından etibarən Yardımlı rayon Şəhidlər xiyabanı ziyarət edilib, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi qürurla anılıb.
Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun fəal gəncləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü uğrunda canlarını qurban verən əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr respublikada Anım Günü kimi qeyd edilir. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını deyib.
Şəhid ailələri çıxış edərək dövlət tərəfindən onlara daim diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Saat 12:00-da hər yerdə olduğu kimi, Yardımlı rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.