Yasamal rayonunda Həsən Məcidov küçəsi təmir olunur
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonunun Həsən Məcidov küçəsində təmir işləri aparılır.
AZƏRTAC agentliyə istinadla xəbər verir ki, sözügedən küçənin uzunluğu 330 metr, ortalama eni 12-15 metr təşkil edir. Təmir çərçivəsində küçəboyu 351 p/m yeni səki daşları düzülüb, köhnə səki daşları bərpa olunub. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri aparılır. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.
Bu işlərə paralel olaraq küçəboyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da nəzərdə tutulub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq istifadəyə veriləcək.