Yekaterinburqda ümummilli lider Heydər Əliyevə həsr olunmuş gecə keçirilib
Moskva, 11 may, AZƏRTAC
Yekaterinburq Şəhər Administrasiyasının Kitabxana Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən gecə keçirilib. Tədbir Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən təşkil edilib.
Azərbaycanın Yekaterinburqdakı konsulu vəzifəsini icra edən İlqar İsgəndərov tədbiri açaraq Ulu Öndərin həyat və fəaliyyətindən danışıb. Qeyd edib ki, Rusiyada Heydər Əliyevi müdrik siyasi xadim kimi xatırlayır və dəyərləndirirlər. O, müstəqil Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin töhfəsini, Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin və iki qardaş xalq arasında dostluğun əhəmiyyətini vurğulayıb.
Sverdlovsk Vilayəti Qubernatoru Administrasiyası rəhbərinin birinci müavini Vadim Dubiçev Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin səmimi təbrik sözlərini çatdırıb, Rusiya Federasiyasının regionları, o cümlədən Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın yüksək səviyyəsini qeyd edib.
Gecədə çıxış edən tarix elmləri doktoru, Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, “MBA-Moskva” bankının Yekaterinburq filialının direktoru Tatyana Moşinskaya, Ural Federal Universiteti və Ural Hüquq Akademiyasının tələbələri Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva