YENİ SƏRMAYƏLƏR ÜÇÜN FƏALİYYƏT İMKANLARI ALMANİYANIN İŞ ADAMLARINI AZƏRBAYCANA CƏLB EDİR
Səfər zamanı Almaniya-Azərbaycan işçi qrupunun 4-cü iclası keçiriləcəkdir. Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Fərhad Əliyevin iştirakı ilə nazirlikdə alman və azərbaycanlı sahibkarlar “Ticarət və sərmayələr” mövzusunda dəyirmi masada toplaşacaqlar.
Alman iş adamları konkret olaraq Azərbaycanın neft sahəsində alman texnologiyalarının tətbiqi, qeyri-neft sektorundakı inkişaf layihələrində iştirak perspektivləri, gələcək əməkdaşlıq layihələri üçün maliyyə imkanları barədə müzakirələr aparacaqlar.
Sahibkarların müvafiq dövlət nümayəndələri ilə görüşləri də nəzərdə tutulub. Bundan əlavə, sahibkarlar azərbaycanlı həmkarları ilə fərdi görüşlər keçirərək, özəl sektorla daha yaxından tanış olacaqlar.
Bu günədək Almaniya Federativ Respublikası dövlət xətti ilə Azərbaycana 303 milyon avro vəsait ayırıb. Bu vəsait, ilk növbədə, iqtisadi inkişaf üçün hüquqi bazanın yaradılmasına, müəssisələrin fəaliyyəti üçün normal şərait yaradılmasına yönəldilmişdir. İndi isə Almaniyanın özəl sektorunun ölkəmizə maraq göstərməsi iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir.