Yeniyetmə cüdoçulardan ibarət millimiz Avropa çempionatının birinci günündə komanda hesabında qalib olub
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyinə uğurla start verib.
AZƏRTAC xəbər verir ki, mötəbər yarışın ilk günü Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Təmsilçilərimiz Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Daha iki cüdoçumuz - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.
Yekunda 6 medal qazanan millimiz komanda hesabında birinci yeri tutub. İkinci yerdə 1 qızıl, 2 gümüş medalla Rusiya komandası qərarlaşıb. İsrail yığması 1 qızıl və 1 bürünc medalla üçüncü pillədə qərarlaşıb.
Nüfuzlu yarışda 37 ölkənin komandası mübarizə aparır. Milli komandamız Avropa birinciliyinə 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.