REGİONLAR
Yevlaxda qanvermə aksiyası keçirilib
Yevlax, 21 iyul, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin və Yevlax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Yevlax rayon Mərkəzi Xəstəxanada təşkil edilən aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyaya qoşulanlar əvvəlcə xəstəxananın həkim briqadası tərəfindən müayinədən keçiriliblər. Sonra hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və qanın verilməsinə başlanılıb.
Qanvermə aksiyasında Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən təşkilatların nümayəndələri və sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.