Yığmanın kapitanı: İnanıram ki, karyeramda açdığım yeni səhifə mənim üçün faydalı olacaq
Bakı, 16 yanvar, AZƏRTAC
“Karyeramı fərqli çempionatda davam etdirmək üçün Səudiyyə Ərəbistanını seçdim”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Rusiyanın “Krasnodar” komandasından icarə əsasında Səudiyyə Ərəbistanının “İstern Fleymz” klubuna keçən qadın futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə deyib.
29 yaşlı yarımmüdafiəçi qış transfer dövründə bir neçə klubdan təklif aldığını bildirib: “İstern Fleymz”lə yanaşı, bu ölkənin digər komandası “Əl-İttihad”dan, eləcə də Rusiyanın “Krılya Sovetov” və “Rostov” klublarından təkliflər var idi. Hətta Samara təmsilçisi daha yaxşı təklif göndərmişdi. Amma mən hazırkı komanda ilə danışıqlar apardığım üçün Rusiya klubuna “yox” dedim. Çünki kiməsə söz verib, daha sonra onu pis durumda qoymaq istəmədim”.
Təcrübəli oyunçu müqavilə ilə məxsus olduğu “Krasnodar”ın bu müddətdə ona lazımi dəstəyi verdiyini söyləyib: “Klubun rəhbərliyinə hər zaman minnətdar olacağam. Onlar məndən “İstern Fleymz”ə getmək istəyib-istəmədiyimi soruşdular. Açığı, əvvəl qərarsız idim, lakin sonradan Səudiyyə Ərəbistanına yollanmağa qərar verdim. “Krasnodar”ın prezidenti Sergey Qalitskiyə təşəkkür edirəm. Bazada mənimlə çox gözəl şəkildə vidalaşdı. Transfer işlərində sonadək mənə kömək etdilər. Hətta Rusiya təmsilçisi bu keçiddən heç bir qazanc əldə etmədi. İnanıram ki, futbolçu karyeramda açdığım yeni səhifə mənim üçün faydalı olacaq”.
Qeyd edək ki, Sevinc Cəfərzadə “İstern Fleymz” klubu ilə 1 illik müqavilə bağlayıb.