Yol Polisi sürücülərə və piyadalara müraciət edib
Bakı, 12 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib: “Respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyənləşdirilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir”.
Qeyd edilib ki, hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 85-ci kilometrliyindən başlayaraq, həmçinin Gəndob-Yalama yolunda, Bakı-Şamaxı-Yevlax yolunun 48-ci kilometrliyindən başlayaraq, həmçinin Ağsu aşırımında qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun isə 400-cü kilometrliyindən başlayaraq qar yağır, hərəkət var. Ona görə də həmin istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsi, eyni zamanda, qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların yola çıxmaması xahiş olunur.