“YUĞ” eksperimental tamaşalar festivalına dörd səhnə əsəri ilə qatılacaq
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan “YUĞ” Dövlət Teatrı “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalında dörd səhnə əsəri ilə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, festivalın açılışı bu gün saat 14.00-da “YUĞ” Dövlət Teatrının səhnəsində - (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında) keçiriləcək.
Açılışdan sonra nümayiş olunacaq A.B.Kasaresin “Qəbir qazma üsulu” əsəri əsasında Gümrah Ömərin quruluş verdiyi tamaşada Əməkdar artistlər Sonaxanım Mikayılova, Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev və Mətanət Abbaslı çıxış edəcək. “Mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərirsə, o məhvə məhkumdur” ideyasını aktuallaşdıran tamaşanın məzmunu belədir: iki gənc bir-birini sevir, bir yerdə yaşayır, ailə qurur və öz işlərini qurmağa çalışırlar. İstəyirlər ki, arzuladıqları bu iş gözdən-könüldən uzaq olan bir yerdə qurulsun. Orada yaşasınlar, orada iş qursunlar, bütün həyatlarını ora ilə bağlasınlar. Nəhayət, belə bir yerə rast gəlirlər. Ev alırlar, kafe açmaq üçün ideal bir yer seçirlər, lakin maddi çətinliklə üzləşirlər.
Bundan başqa, tamaşaçılar bu gün saat 18.00-da teatrın daha bir tamaşasını izləyə biləcəklər. “Metamorfoza” tamaşasının quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. S.Haqverdiyevanın əsərləri əsasında hazırlanan səhnə əsərində Zümrüd Qasımova, Oqtay Mehtiyev və Elgün Həmidov çıxış edirlər. Üç naməlum şəxs düşdükləri şəraitdə islah olmaq üçün “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün uşaqlaşırlar.
Mart ayının 2-də saat 14.00 - V.Klimin “Medeya teatrı” pyesi əsasında Mikayıl Mikayılovun hazırladığı “Medeya. Sekvensiya-01” -tamaşası nümayiş olunacaq. Səhnə əsərində Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edəcəklər. Apokrifik etiraf janrında hazırlanan tamaşanın quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır. Teatrın festivala təqdim etdiyi sonuncu tamaşa martın 2-də saat 18.00-da oynanılacaq. Təranə Vahidin əsəri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan “Quş dili” adlı tamaşada Qasım Nağı, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Elgün Həmidov və İlahə Məmmədzadə çıxış edəcək. Səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub.