Yunis Hüseynov məşqçilərlə görüşüb
Bakı, 23 dekabr, AZƏRTAC
“Kəpəz” futbol klubunun baş məşqçisi Yunis Hüseynov əvəzedici heyət və aşağı yaş qruplarında çalışan məşqçilərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhər stadionunun bazasında keçirilən görüşdə Y.Hüseynovun köməkçiləri Yaşar Vahabzadə və Vidadi Rzayev də iştirak ediblər.
Klubdakı məlum məşqçi dəyişikliklərindən danışan Y.Hüseynov yeni təyinat alan mütəxəssisləri kollektivə təqdim edərək onlara uğurlar arzulayıb. Baş məşqçi böyük futbolun inkişaf yolunun uşaq futbolundan keçdiyini bildirməklə bu sahəyə diqqət ayırmağın, yeni oyunçu nəsli yetişdirməyin vacibliyindən danışıb.
Bildirib ki, vəziyyətlə tanışam, irəliləyişə nail olmaq üçün uyğun şəraitin yaradılması əsas şərtdir. Bu yöndə işlər görüləcək və tədricən uşaq futbolunda vəziyyət düzələcək. “Kəpəz” həmişə öz yetirmələri ilə tanınıb və uğur qazanıb. İstedadlı oyunçular tapıb, onları komandamız üçün yetişdirməliyik. Lap aşağı yaş qruplarından əsas komandaya kimi yaxşı kollektiv formalaşdırmalıyıq. Sizinlə görüşməyimizin də əsas səbəbi budur.
Sonra Y.Hüseynov sözü məşqçilərə verərək onların problemləri və planları ilə maraqlanıb, təkliflərini dinləyib, öz məsləhətlərini verib.