Zaqatalada “Fırçanın dili” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Zaqatala, 27 iyul, AZƏRTAC
Zaqatala rayonunda istedadlı yeniyetmə və gənclər arasında Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr edilmiş "Fırçanın dili" adlı rəsm müsabiqəsi təşkil edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Heydər Əliyev Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsabiqə Zaqatala rayonu üzrə gənclər və idman sektorunun, rayon Heydər Əliyev Mərkəzinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilib. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilən müsabiqədə 21 yeniyetmə və gəncin əsəri nümayiş olunub.
Müsabiqənin mükafatlandırma mərasimində qeyd olunub ki, gənc rəssamlar ölkəmizin, eləcə də Zaqatalanın əsrarəngiz gözəlliyini əsərlərində məharətlə əks etdiriblər və onların əl işləri ən yüksək qiymətə layiqdir. Vurğulanıb ki, müsabiqənin əsas məqsədi yeniyetmə və gənclərdə milli irsimizə marağı artırmaq, onların yaradıcı düşüncəsini və bədii ifadə bacarıqlarını inkişaf etdirməkdir.
Müxtəlif yaş kateqoriyaları üzrə iştirakçılara Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və sertifikatları təqdim olunub.
Müxbir - Rasim İslamoğlu