ZAQATALADA TƏHSİLLƏ BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransda ümummilli liderimiz, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışılmış, onun Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı barədə geniş söhbət açılmışdır. Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1999-cu ildə cəmiyyətimizə təqdim olunan “Təhsil sahəsində İslahat Proqramı”nın uğurla həyata keçirilməsi, dünya standartlarına cavab verən milli təhsil sisteminin yaradılması və yeni texnologiyaların tətbiqi Azərbaycan təhsilinin inkişafını təmin edən əsas amillərdəndir. Çıxış edənlər ölkəmizdə həyata keçirilən təhsil islahatları və milli təhsil quruculuğu prosesinin bu gün də uğurla davam etdirilməsini razılıqla qarşılamışlar.