“Zenit”in qapıçısı: “Neftçi” ilə oyun bizim üçün bir növ beynəlxalq təcrübədir
Bakı, 16 noyabr, AZƏRTAC
“Bu, yoldaşlıq oyunu olsa da, bizim üçün bir növ beynəlxalq təcrübədir. Az oynayan futbolçular oyun praktikası qazana bilərlər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın “Zenit” klubunun qapıçısı Mixail Kerjakov Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri yoldaşlıq oyunu ilə bağlı yerli mətbuata açıqlamasında deyib.
“Ağ-qaralar”la “Match TV” turnirindəki görüşü (3:1) xatırlayan 36 yaşlı qolkiper həmin vaxt Bakı klubunun fiziki hazırlığının yüksək olmadığını bildirib: “Sankt-Peterburqdakı matçda meydanda deyildim, tribunada əyləşmişdim. Kənardan elə göründü ki, rəqib ikinci hissədə fiziki cəhətdən bir qədər gerilədi. Amma bu, normal haldır. Çünki həmin vaxt bakılıların da mövsümə hazırlıq dövrü idi. Taktiki məqamlar barədə isə heç nə deyə bilmərəm, açığı, xatırlamıram”.
Heç vaxt Bakıda olmadığını söyləyən təcrübəli oyunçu səfər zamanı şəhəri gəzəcəyini istisna etməyib: “Mahaçqalada oynayanda Bakıya maşınla getmək imkanım olmuşdu, amma həmin fürsətdən istifadə etməmişdim. Vaxtımız olsa, şəhəri gəzər, bəzi yerlərə baş çəkərik. Amma çox vaxtımızın olacağını düşünmürəm”.
Qeyd edək ki, noyabrın 18-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Zenit” oyunu saat 21:00-da başlayacaq.