Xəzərdə itkin düşənlərin axtarışlarına FHN-in bir helikopteri də cəlb olunub VİDEO
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin dərhal axtarışına başlanılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış işlərinə nazirliyin “Vixr-5” və “Vixr-8” gəmiləri, Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.