REGİONLAR
Ekologiya və təbii sərvətlər naziri Qusarda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Qusar, 16 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 16-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qusar şəhərində şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında yaşayan 40-dan çox vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Görüş zamanı müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapıb, nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.