A.İksanov: Gəncəyə növbəti səfəri həyəcanla gözləyirəm VİDEO
Moskva, 12 dekabr, AZƏRTAC
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) fəaliyyətində Azərbaycan xüsusi yer tutur. Fondun idarə heyətinin sədri Azərbaycanın tanınmış mədəniyyət xadimi və diplomat Polad Bülbüloğludur. Onun enerjisi və yaradıcı potensialı sayəsində bizim fondun bir sıra layihələrini dəstəklənir.
DHƏF-in icraçı direktoru Anatoli İksanov bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. O xatırladıb ki, Azərbaycanın qədim Gəncə şəhəri bu il MDB-nin Mədəniyyət Paytaxtıdır. DHƏF-in icraçı direktoru deyib: “Bu il Gəncədə çoxsaylı mədəni layihələr həyata keçirilib, bu şəhərə Birlik ölkələrindən artistlər, yazıçılar, rəssamlar gəliblər. Mədəniyyət İli çərçivəsində tədbirlərin gözəl təşkil olunmasına görə sizin ölkənizin və Gəncə şəhərinin rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. MDB ölkələrinin nümayəndələrinin Gəncə ilə daha yaxından tanış olması bizim üçün çox vacibdir. Bu, həm turizmin, həm də sadəcə insani əlaqələrin inkişafı baxımından çox əhəmiyyətlidir”.
A.İksanov Mədəniyyət İli çərçivəsində Gəncəyə səfərləri barədə təəssüratlarını bölüşərək deyib: “Bizi yaxşı mənada təəccübləndirən bu oldu ki, son illərdə Gəncədə çoxlu yeni obyektlər istifadəyə verilib. Gəncə Dövlət Filarmoniyasının yeni binası həm təchizatına, həm də rahatlığına görə nadir binadır. Yəqin ki, dünyada belə binalar azdır. Əlbəttə, bütün bunlar ölkə rəhbərliyinin xidmətləridir. MDB-də Mədəniyyət İlinin bağlanışı ilə əlaqədar Gəncədə böyük bayram konserti olacaq. Mən bu gözəl şəhərə növbəti səfərimi həyəcanla gözləyirəm. Bağlanış mərasimində tanınmış mədəniyyət xadimləri, artistlər, o cümlədən Böyük Teatrın artistləri iştirak edəcəklər. Ümidvaram ki, qarşıda çoxlu maraqlı layihələrimiz olacaq, əməkdaşlığımız daha da genişlənəcək və dərinləşəcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva