Azərbaycanda hər nəfərə düşən balın miqdarı 1 kiloqrama çatdırılacaq VİDEO
Bakı, 28 dekabr, Elvin Camalov, AZƏRTAC
Azərbaycanda hər nəfərə düşən balın miqdarı 280 qramdan 1 kiloqrama çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son dövrlərdə Azərbaycanın arıçılıq məhsullarına, xüsusilə də bal məhsuluna Yaponiyada böyük maraq var. 2015-ci ildə Azərbaycandan 3 ton, 2016-cı ildə isə 6 ton bal ixrac edilib. Həmçinin Azərbaycanda arı ailələrinin də sayı artmaqdadır. Bu ilin statistik məlumatlarına görə arı ailələrinin sayı 300 minə çatıb və ölkədə 6 min nəfər arıçılıqla məşğuldur. Arıların və arıçılıqla məşğul olanların sayını 2 dəfə artırmaq olar.
Q.Əbdüləliyev qeyd edib ki, dünyada hər arı ailəsində məhsuldarlıq 20,5 kiloqram olursa, Azərbaycanda bu rəqəm 10 kiloqram həddindədir. Bu isə zəif göstəricidir. Azərbaycanda hər nəfərə 280 qram bal düşür. Lakin biz daxili istehsal hesabına bu rəqəmi 1 kiloqram bala çatdırmaq niyyətindəyik.