İQTİSADİYYAT
Ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni islahatları labüd edir VİDEO
Bakı, 2 may, AZƏRTAC
Ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni islahatları labüd edir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə verdiyi müsahibədə deyib.
S.Mehdiyevin sözlərinə görə, gömrük-biznes münasibətlərində şəffaflığın daha da artırılması, büdcə gəlirlərinin formalaşdırılmasında yaxından iştirak edən gömrük orqanlarının infrastrukturunda mövcud olan çatışmazlıqların aradan qaldırılması, o cümlədən kadr islahatları ilə bağlı ciddi islahatlar aparılacaq.
“Gələcəkdə həm biznes nümayəndələri, həm də gömrük orqanında xidmət göstərən əməkdaşlar qanuni tərəflər olaraq fəaliyyətlərini quracaqlar, qanunsuz əməllər üzrə qəti imkan tədbirləri seçilib, gömrük orqanlarında əməkdaşlar üçün ilkin müşavirələr keçirilib, bütün rəhbərlərə bu sahədə göstərişlər verilib. Bundan sonra da Prezidentimizin apardığı islahatların daha da dərinləşdirilməsi, daha da şaxələndirilməsi üzrə işlərimiz davam etdiriləcək.
İnanıram ki, gələcəkdə bu sahədə uğurlarımız, ilk növbədə, sahibkarların rahat idxal və ixrac əməliyyatları ilə məşğul olması üçün lazım olan bütün texniki imkanlardan istifadə edərək şəffaf mühitin formalaşması Azərbaycan gömrüyünün nüfuzunu daha da qaldıracaq”, - deyə S.Mehdiyev qeyd edib.