İQTİSADİYYAT
Toxumçuluğu inkişaf etdirmək Azərbaycanın əsas məqsədlərindən biridir VİDEO
Bakı, 7 may, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatı sahəsində toxumçuluğu inkişaf etdirmək əsas məqsədlərdən biridir. Biznes forumların keçirilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 7-də Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Toxum Sənayeçiləri və İstehsalçıları Alt Birliyi (TSÜAB) tərəfindən Türkiyə Respublikası İqtisadiyyat Nazirliyinin “Beynəlxalq Rəqabətliliyin İnkişafının dəstəklənməsi haqqında Təşviqat” proqramı çərçivəsində həyata keçirilən Azərbaycan-Türkiyə biznes forumunda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.
Nazir müavini qeyd edib ki, hazırda qonşu və dost Türkiyənin bu sahədə qabaqcıl təcrübəsinin öyrənilməsi çox önəmlidir. Heç də təsadüfi deyil ki, Türkiyə kənd təsərrüfatının inkişafı sahəsində Avropanın lider ölkələrindən biri sayılır. Azərbaycan mütəxəssisləri bu ölkədə təcrübə keçir və biz bu əməkdaşlığı yüksək qiymətləndiririk.
Toxumçuluğun kənd təsərrüfatının, bitkiçiliyin əsas mənbəyi olduğunu vurğulayan İ.Quliyev nəzərə çatdırıb ki, Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də toxum sənayesini daha da artırmaq və ölkəmizi bütün məhsullar üzrə toxuma olan tələbatını daxili istehsal hesabına təmin etməkdir.
Statistik rəqəmlərə müraciət edən nazir müavini qeyd edib ki, 2017-ci ildə 56 bitki üzrə 496 hibrid sınaq üçün təqdim edilib. Bunlardan 35 bitki üzrə 163 hibrid Türkiyədən gətirilib. Həmin il 45 bitki üzrə 175 hibrid dövlət qeydiyyatına alınıb. Bunlardan 13 bitki üzrə 22 hibrid Türkiyədən gətirilib. 2018-ci ildə 31 bitki üzrə 113 növ qeydiyyata alınıb və bundan 5 bitki üzrə 20 növ Türkiyədən gətirilənlərdir. Həmçinin ötən il Türkiyədən 6351 müxtəlif növ bitki toxumu, 2018-ci ildə isə 16308 ton müxtəlif bitki toxumu idxal olunub. Bu, Türkiyə ilə Azərbaycan arasında toxumçuluq sahəsində əlaqələrin dinamik inkişaf etdiyini göstərir. Bununla belə, bu əlaqələri daha da inkişaf etdirmək lazımdır.
Tədbirdə çıxış edən TSÜAB rəhbərinin nümayəndəsi Yıldıray Gençe bildirib ki, son illər Türkiyə və Azərbaycan arasında toxumçuluq sahəsində sıx əməkdaşlıq mövcuddur. Türkiyə bu sahədə öz təcrübəsini qardaş ölkə ilə bölüşməkdən məmnunluq duyur.
“Türkiyədə toxumçuluq sahəsində 847 şirkət fəaliyyət göstərir. Ölkədə sözügedən sektor artıq dünya standartlarına uyğun məhsul buraxır. Azərbaycanın da qısa zaman kəsiyində toxumçuluğun inkişafında yüksək nailiyyətlər qazanacağına ümidvaram”, - deyə TSÜAB təmsilçisi vurğulayıb.
Daha sonra Azərbaycan və Türkiyənin toxumçuluq sektoruna həsr olunmuş təqdimatlar olub. Türkiyədən gəlmiş 40 toxumçuluq şirkətinin nümayəndələrinin Azərbaycanın müxtəlif bölgələrindən olan 37 şirkətin təmsilçiləri ilə işgüzar görüşü keçirilib.