REGİONLAR
Şəkidə içməli və suvarma suyuna olan tələbat ödənilir VİDEO
Şəki, 27 mart, AZƏRTAC
Şəkidə son illər görülən meliorativ tədbirlər nəticəsində ucqar yaşayış məntəqələri, o cümlədən fermer təsərrüfatları su ilə tam təmin olunur. Bu sahədə işlər bu gün də davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal-qərbində, Şəki rayonu ərazisində yerləşən sahələr su ilə tam təmin olunur.
Hər il qoyun sürüləri noyabr ayında yaylaqdan qışlağa endirilir, onların qışlaqda qalma müddəti isə maya qədər davam edir. İlin yarıdan çoxunu bu ərazilərdə keçirən fermerlər öz qoyunçuluq təsərrüfatlarını asanlıqla suvara bilirlər. Sahələrdən əsasən Şəki, Qax və Zaqataladan olan fermerlərin 160 mindən çox iri və xırdabuynuzlu heyvanları qidalanır. 43 ildir qoyunçuluq təsərrüfatı ilə məşğul olan Abdulla Mülkimov bu vaxta qədər su ilə bağlı hər hansı bir çətinliyin olmadığını söyləyir.
Ərazilərdə yaşayan fermerlərin və onların heyvanlarının su ilə təminatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Acınohur Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi tərəfindən həyata keçirilir. Müəssisə müxtəlif su mənbələrindən, Baş Daşağıl çayından, Dəhnə kanalından, 7 subartezian və 4 artezian quyularından istifadə edir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarəsinin rəhbəri Məmmədəli Məmmədov bildirib ki, müəssisə tərəfindən il ərzində istehlakçılara 2355900 min kubmetr su verilir. Bundan başqa yaz, yay və payız fəsillərində Şəkinin yeddi kəndinə içməli su ötürülür. Su xətti boyu 539 ədəd hidrotexniki qurğu yerləşdirilib. Həmin qurğuların hamısı saz vəziyyətdə saxlanılır. Bu günə qədər fermerlərin suya olan tələbatında heç bir problem yaşanmayıb. İşlər bu vaxta qədər lazımi qaydada aparılıb.
Ötən il əraziləri su ilə təmin edən xəttin beş kilometrlik hissəsi tam təmir olunub, 160 millimetrlik yüksək təzyiqə davamlı polietilen boru xətti çəkilib. O cümlədən diametri 60 millimetr olan səkkiz kilometr məsafədə yeni xətt quraşdırılıb.
Məmmədəli Məmmədov qeyd edib ki, sahələrin su ilə təminatı əraziyə buraxılan ceyranların da suya olan ehtiyacını ödəyir. Suyun öz axarı ilə axması üçün xətlərdə olan nasazlıqlar aradan qaldırılıb, hava və lil təmizləyici qurğular quraşdırılıb. Təsərrüfatlara çatdırılan su başlanğıcını 119 kilometr məsafədən götürür və Acınohur düzündə yeni nasos stansiyada toplanır. Buradan isə fermerlərin təsərrüfatlarına paylanır. Hər bir fermerin nəzarətində olan fermanın qarşısında su içmə məntəqələri yaradılıb.
Qeyd edək ki, Acınohur düzü Şəki şəhərindən 85 kilometr aralıda yerləşir. Həmin ərazilərə çəkilən su xətlərinin ümumi uzunluğu 367 min metr təşkil edir.