İQTİSADİYYAT
Qala-Pirallahı avtomobil yolunda yeni yerüstü piyada keçidi inşa edilib VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Qala-Pirallahı avtomobil yolunun 3.6-cı kilometrində yeni yerüstü piyada keçidi inşa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76,7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 2,5 metrdir.
Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb. Piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və dövlət standartlarına uyğun olaraq inşa edilib.
Qeyd edək ki, sözügedən ərazidə, yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb yerləşdiyindən keçid yolun sağ və sol tərəflərinə maneəsiz və təhlükəsiz gedişi təmin edəcək.
Ümumilikdə isə 2020-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 9 piyada keçidi istifadəyə verilib.