Sabirabadlı melioratorlar suvarma mövsümünə hazırlaşırlar VİDEO








Sabirabad, 1 aprel, AZƏRTAC
Sabirabadda meliroativ işlərin daha keyfiyyətli aparılması üçün kollektor-drenajlarda istismar işləri davam etdirilir. Kanallar lildən təmizlənir, sutullayıcı qurğu və hidrotexniki avadanlıqlar saz vəziyyətə gətirilərək şor suların axıdılması təmin olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayonunda əkin sahələrinin şor sulardan təmizlənməsi məqsədilə kollektor-drenlər mütəmadi olaraq istismar edilir. Rayon Meliorasiya idarəsi tərəfindən 67 min hektar əkin sahəsinə 3045 kilometr uzunluğu olan kollektor-drenaj şəbəkəsi ilə xidmət göstərilir. Şəbəkələr əsasən borulu keçidlərdən ibarətdir. Bu kanallar müxtəlif təsnifatlı olmaqla, sahədən şor suların axıdılmasını təmin edir. Kollektor drenlər üzərində 3244 ədəd hidrotexniki qurğu fəaliyyət göstərir.
Kollektor-drenaj şəbəkəsinin və hidroqurğuların iş prossesinin təmini üçün idarə tərəfindən cari və əsaslı təmir işləri görülür. Təkcə 2020-ci ildə 460 kilometr şəbəkədə lildən təmizləmə aparılıb, 80 hidrotexniki qurğu cari təmir edilib. Bundan başqa, Qasımbəyli kəndi ərazisində biraqreqatlı, Novruzlu kəndində isə ikiaqreqatlı hidroqurğu və 4 ədəd borulu keçid əsaslı təmir olunub.
Fermerlər bildirirlər ki, əkin sahələrinin ətrafında yerləşən kollektor kanalları vaxtında lildən təmizləndiyi üçün sahələrdə torpaq münbitliyi təmin edilir. Bunun sayəsində becərilən məhsullar yüksək məhsudarlığa malik olur.
Yaz-tarla işləri ilə əlaqədar hazırda kollektor şəbəkələrində təmizləmə işləri davam etdirilir. Bunun üçün əraziyə texnikalar və ekskovatorlar cəlb olunub. Həmçinin suötürücü qurğular fasiləsiz işləməsi üçün sazlanır. Ötən üç ayda 80 kilometrə yaxın kollektor-dren şəbəkəsində lildən təmizləmə işləri yerinə yetirilib.