Paytaxtın Xudu Məmmədov küçəsi təmir edilir VİDEO
Bakı, 6 aprel, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində paytaxtın Xətai rayonu ərazisində görülən işlər cari ildə də davam etdirilir. Hazırda təmir-tikinti işləri Xudu Məmmədov küçəsində aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2100 metr təşkil edir. Küçəboyu asfalt-beton örtüyünün üst qatı kənara daşınıb, zəruri yerlərdə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, küçəboyu hər bir tərəfdə yeni səki daşları düzülüb. Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz edilib.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işləri tamamlandıqdan sonra Xudu Məmmədov küçəsi zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunacaq. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Cari ildə Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-cu ildə 17,7 kilometr uzunluğunda 14, ötən il isə 23,8 kilometr uzunluğa malik 18 adda küçə və yolda genişmiqyaslı təmir-tikinti işləri aparılıb.