İQTİSADİYYAT
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı təmir edilir VİDEO



Bakı, 13 aprel, AZƏRTAC
Bakı şəhəri və onun qəsəbələrində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə tədbirlər davam etdirilir. Bu çərçivədə 2019-cu və 2020-ci illər ərzində Sabunçu rayonunun 200 kilometrdən çox qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində 3 qəsəbədə ümumi uzunluğu 9 kilometr olan 5 küçənin təmiri nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sabunçu rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı təmir olunur. Uzunluğu 700 metr, eni isə 9 metr təşkil edən sözügedən küçə qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab edilməklə xüsusi əhəmiyyətə malikdir.
Yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri yerlərdə yararsız qrunt çıxarılıb, əks-dolğu işləri aparılaraq yeni yol yatağı salınıb, yol əsası inşa edilib. Bundan başqa, yeni piyada səkiləri inşa edilib, küçəboyu səkilərin kənarlarına 2 min poqonmetrdən çox səki daşı düzülüb. Həmçinin səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri yerlərdə yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Yaxın günlərdə yenidənqurma işləri yekunlaşdırılacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək. Bunun üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb edilib.