17 OKTYABR - YOXSULLUQLA MÜBARİZƏ GÜNÜ İLƏ BAĞLI AVTOYÜRÜŞ KEÇİRİLMİŞDİR
Avtoyürüş “Ana və uşaq ölümünün azaldılması”, “İlkin səhiyyə xidmətlərinin yüksəldilməsi”, “Yoxsulluğun azaldılması” devizləri altında keçirilmişdir.
Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Yevlax rayonları və Mingəçevir şəhərinin gəncləri ilə maarifləndirici söhbətlər aparan yürüş iştirakçıları Şəki şəhərində dəyirmi masada iştirak etmişlər.
Görüşlər zamanı və dəyirmi masada ARGTMŞ-in baş katibi Nicat Məmmədli bildirmişdir ki, aksiya Prezident İlham Əliyevin imzaladığı yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramına dəstək məqsədi daşıyır. O qeyd etmişdir ki, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür.
Əhaliyə göstərilən ilkin tibbi xidmət haqqında danışan “OXFAM” təşkilatının nümayəndəsi Sənubər Nəzərova vurğulamışdır ki, bu xidmətin yaxşılaşdırılması ana və uşaq olümünün qarşısının alınmasında mühüm rol oynayır. Bu istiqamətdə Səhiyyə Nazirliyi beynəlxalq qurumlarla birgə mühüm layihələr həyata keçirir.
Aksiya iştirakçıları Bərdədə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, dahi rəhbərin müzeyində olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.
Avtoyürüşün son günü iştirakçılar Agcabədi, Beyləqan, Saatlı, Sabirabad və Əli Bayramlı rayonlarında olmuşlar.