2005-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ MİLLİ MƏCLİSİN KOMİSSİYALARININ BİRGƏ İCLASINDA GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyev demişdir ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində 2004-cü ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsulun həcmi 29 trilyon 689,1 milyard manat təşkil etmişdir ki, bu da 2003-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çoxdur. ÜDM-in adambaşına düşən həcmi 3 milyon 633,1 min manat və yaxud 738,9 ABŞ dolları olmuşdur.
Hökumətin proqnozlarına görə, 2004-cü ilin sonunadək ümumi daxili məhsulun həcminin 40,3 trilyon manata çatacağı gözlənilir. Bu halda ÜDM-in adambaşına düşən həcmi 5,7 milyon manat olacaq.
2005-ci ildə iqtisadi qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, onun beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi davam etdiriləcək, sərmayə qoyuluşunun stimullaşdırılması, inhisarçılığın qarşısının alınması, kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılması, özəlləşdirilmə prosesinin sürətləndirilməsi və digər məsələlər öz həllini tapacaqdır. 2005-2008-ci illərdə makroiqtisadi sabitliyin qorunub saxlanmasına, yoxsulluğun azaldılmasına dəstək verən iqtisadi siyasət tədbirləri də davam etdiriləcəkdir.
Maliyyə naziri Əvəz Ələkbərov çıxışında demişdir ki, 2005-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 19,7 faizi həcmində mütləq ifadədə 9 trilyon 422 milyard manat olacaqdır ki, bu da 2004-cü ilin proqnozuna nisbətən 25,3 faiz, gözlənilən icraya nisbətən isə 20,1 faiz çoxdur. Büdcə gəlirlərinin strukturunda vergi orqanlarının xüsusi çəkisi 70,4 faiz, gömrük orqanlarının xüsusi çəkisi 15,4 faiz, sair daxilolmalar isə 14,2 faiz olacaqdır. 2005-ci ildə Vergilər Nazirliyi üzrə 6 trilyon 632 milyard manat, Dövlət Gömrük Komitəsi üzrə 1 trilyon 450 milyard manat büdcə daxilmolmaları nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin tərkib hissəsi olan yerli gəlirlər (büdcədənkənar vəsaitsiz) 865,1 milyard manat nəzərdə tutulmuşdur. Gələn ilin dövlət büdcəsinin xərcləri isə büdcə kəsirinin maliyyələşmə mənbələri nəzərə alınmaqla 10 trilyon 1 milyard manat çox olacaqdır. 2005-ci il dövlət büdcəsinin xərcləri 2 milyard 30 milyon ABŞ dollarını keçmişdir ki, bu da 2004-cü ilə nisbətən 456,0 milyon dollar artım deməkdir.
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov çıxışında ölkədə həyata keçirilən pul-kredit siyasətindən, gələn ildə gözlənilən inflyasiyadan, qeyri-neft sektoruna kredit qoyuluşunun artırılmasından və digər məsələlərdən danışmışdır.
Sonra Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, sədr müavinləri Ziyafət Əsgərov, Gövhər Baxşəliyeva, deputatlar və dəvət olunmuş şəxslər dövlət büdcəsi ilə bağlı çıxışlar etmiş, suallar vermişlər.
Maliyyə naziri və digər səlahiyyətli şəxslər deputatları maraqlandıran suallara aydınlıq gətirmişlər. Sonda layihənin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.