QAN YADDAŞI
Ukraynalı deputat: Xocalı qətliamı Qarabağ müharibəsi zamanı ən qəddar və qanlı hadisə olub VİDEO
Kiyev, 17 fevral, AZƏRTAC
Kiyev şəhərində Xocalı soyqırımının 30 illiyinə həsr olunan “Xocalı soyqırımı və tarixi paralellər” adlı elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) ilə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşkil etdiyi konfransda Ukrayna Ali Radasının deputatı, elm, ictimai və siyasi xadimlər iştirak ediblər.
BUAK sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev çıxış edərək tarixdəki amansız soyqırımları, o cümlədən Ukrayna tarixində baş verən soyqırımları sadalayaraq Xocalı soyqırımının da belə qanlı soyqırımlar silsiləsindən olduğunu xatırladaraq paralellər aparıb.
Xocalı soyqırımı barədə məlumatlı olduğunu bildirən Ukrayna Ali Radasının deputatı Yuriy Kamelçuk deyib: “1992-ci ilin qışında həm Azərbaycan, həm də Ukrayna hələ də daha güclü və ultratotalitar ölkələrin zərərli təsiri altında idi. Belə bir təsir diqqətdən kənarda qala bilməzdi. Azərbaycanın Xocalı şəhərində qanlı hadisələr baş verib. Dinc əhalinin qətliamı Qarabağ müharibəsi zamanı ən qəddar və qanlı hadisə olub. Qırğınların bir daha təkrarlanmaması üçün nə edə biləcəyimizdən danışarkən, mən yalnız bir şeyə əminəm. Bizim əsas vəzifəmiz müharibələrə, münaqişələrə səbəb olan səbəbləri aradan qaldırmaqdır. Dostluq və diplomatik əlaqələr, investisiyalar və belə bir tarix sabit dünyaya doğru bir addım ola bilər”.
Ukraynada krım tatarları Assosiasiyasının koordinatoru Elvin Kadırov isə çıxış edərək tatarların tarixində baş verən qanlı hadisələrlə Xocalı soyqırımı arasında paralellər aparıb.
Daha sonra çıxış edənlər, professorlar Natiq Məmmədov, Arif Quliyev, Fərhad Turanlı, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli, Azərbaycandan İslahatçı Gənclər Birliyi təşkilatının sədri Fərid Şahbazlı və digərləri mövzu ətrafında fikir və təkliflərini səsləndiriblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev