20 Yanvar faciəsi qurbanları Quba şəhərindəki Şəhidlər xiyabanında anılmışdır
Quba, 21 yanvar (AZƏRTAC). Quba şəhərindəki Şəhidlər xiyabanında 20 Yanvar qurbanlarının xatirəsi böyük ehtiramla anılmışdır.
AZƏRTAC xəbər verir ki, minlərlə qubalı Şəhidlər xiyabanına gələrək qəhrəman Vətən oğullarının məzarları üstünə gül dəstələri düzmüş, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsini dərin hüzn və ehtiramla yad etmişlər.
Ziyarətçilər arasında rayon rəhbərliyi, Milli Məclisin deputatı Vahid Əhmədov və digər rəsmi şəxslər olmuşdur.
Xalqının azadlığı yolunda canlarından keçmiş 20 Yanvar şəhidlərimizin arasında Quba rayonun iki sakini də vardır. Mərasimdə bildirilmişdir ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun ağır texnikası Bakıya yeridilmiş, silahsız insanlara atəş açılmış, nəticədə yüzlərlə insanın qanı tökülmüşdür. Əməliyyatdan öncə Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan təcrid olunmuş, fövqəladə vəziyyət ordunun atəş açmasından 7 saat sonra elan edilmişdir. Əməliyyatın əsl məqsədi müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək, insanları müstəqillik yolundan döndərmək olmuşdur. Lakin keçmiş sovet rəhbərliyinin bu məkrli siyasəti nəinki Azərbaycan xalqının iradəsini qıra bilməmiş, əksinə azərbaycanlıları daha sıx birləşməyə sövq etmişdir.
Çıxış edənlər şəhidlərin məzarlarında rahat uyuduqlarına əminliklərini ifadə etmişlər. Çünki onların canlarını arzuladığı, müstəqilliyi uğrunda qurban getdikləri müstəqil, güclü Azərbaycan dövləti bu gün bütün dünyada tanınmaqdadır.