20 Yanvar faciəsi qurbanlarının xatirəsi Azərbaycanın Serbiyadakı səfirliyində ehtiramla anılmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, ölkə parlamentində fəaliyyət göstərən Azərbaycan ilə dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, KİV-lərin və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər.
Tədbirin əvvəlində iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuş, sonra Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən səfir Eldar Həsənov 20 Yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırmışdır. O, 1990-cı il 20 Yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdikləri və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edərək, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışmışdır.
Səfir faciə zamanı 147 nəfər günahsız insanın qətlə yetirildiyini və 800-dən artıq soydaşımızın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını qeyd etmişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini xüsusi vurğulamış, həmin hadisələrə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirmişdir.
Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filminə baxmışlar.
Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən mətbuat məlumatı xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatları və KİV arasında yayılmışdır.