20 Yanvar faciəsində Xaçmazın bir, Qubanın iki sakini şəhid olub
Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qanlı 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın şimal rayonlarında da böyük ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsində Xaçmazın bir, Qubanın iki sakini şəhid olub.
Xaçmazda Şəhidlər xiyabanında keçirilən anım mərasiminin iştirakçıları xiyabanda uyuyan şəhidlərin, o cümlədən 20 Yanvar şəhidi, Xaçmaz rayonunun Uzunoba kənd sakini Zahid Abdullayevin xatirə lövhəsinin önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Zahid Abdullayev 1959-cu il martın 5-də Xaçmaz rayonunun Uzunoba kəndində anadan olub. Qanlı Yanvar hadisələri zamanı Z.Abdullayev zavoddakı iş yoldaşları ilə birlikdə xalqımızın etiraz səsini ucaldanlar arasında yer alıb. Həmin gecə o, evə qayıtmayıb. Səhər ailəsi onun şəhid olduğunu öyrənib.
İki oğul, bir qız atası olan şəhid Z.Abdullayev Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. Kənddəki orta məktəb şəhidin adını daşıyır.
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Quba rayonunda da anım mərasimləri keçirilib.
Mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qubalı şəhidlərin xatirəsini anıblar.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidi Rahib Hüseynovun məzarını ziyarət ediblər. Səkkiz övlad atası olan R.Hüseynov həmin gün şəxsi işi ilə əlaqədar Bakıya gedib. O, avtomobildə hərəkət edərkən güllə yağışına tuş gəlib. Aldığı ağır yaralardan dünyasını dəyişən R.Hüseynov Quba şəhər qəbiristanlığında dəfn edilib.
Quba rayonunun Küçeyi kəndində də anım mərasimi təşkil olunub. Burada doğulub boya-başa çatan 20 Yanvar şəhidi Elçin Qeybullayevin kənd qəbiristanlığındakı məzarı ziyarət edilib.
Şəhid Elçin Qeybullayev 1968-ci ildə doğulub. O, hərbi xidmətini başa vurduqdan sonra Bakıda işləməyə başlayıb. Qanlı faciə gecəsi yoldaşları ilə birlikdə tankların qarşısına əliyalın çıxan Elçin qəhrəmancasına şəhid olub. Quba rayonunun Küçeyi kənd ümumi orta məktəbi E.Qeybullayevin adını daşıyır.
20 Yanvar hadisələri zamanı Quba rayonundan iki sakin şəhid olub, üç nəfər isə yaralanıb.
Qusar, Siyəzən, Şabran və Xızı rayonlarında da 20 Yanvar faciəsinin 36-cı ildönümü silsilə tədbirlərlə anılır.